Azərbaycanın 4 şahmatçısı Bakıda təşkil olunmuş Dünya Kubokunda ikinci mərhələnin tay-brek görüşlərindən qalib ayrılıb.
Arena.az xəbər verir ki, Nicat Abbasov Fransa təmsilçisi Loran Fressineni üstələyib.
İlk görüşdə qalib olan Nicat növbəti oyunda heç-heçə oynamaqla mərhələ adlayıb.
Rauf Məmmədov Aleksandr Predkeni mübarizədən kənarlaşdırıb. Serbiyalı şahmatçı ilk iki görüşdə heç-heçəyə razılaşıb. Üçüncü partiyada Rauf Məmmədov qələbə qazanıb. Dördüncü oyunda da heç-heçə qeydə alınıb. Yekunda 2,5:1,5 hesablı qələbə Məmmədovu üçüncü mərhələyə daşıyıb.
Abdulla Qədimbəyli İspaniya şahmatçısı David Quijjarodan güclü olub. 20 yaşlı şahmatçılar arasında dünya çempionu olan Qədimbəyli ilk partiyada rəqibini mat edib. İkinci görüş isə heç-heçə yekunlaşıb.
Günün ən uzun davam edən matçlarından biri Qədir Hüseynovla danimarkalı Yonas Byerre arasında oynanılıb. İlk iki görüş heç-heçə başa çatandan sonra şahmatçılar hərəyə 1 qələbə qazanıblar. Beşinci oyunu qazanan Qədir altıncı görüşdə heç-heçəyə nail olub.
Bu dörd şahmatçıdan fərqli olaraq, tay-brekdə mübarizə aparan digər təmsilçimiz Eltac Səfərli ümidləri doğrultmayıb. O, tay-brekdə uduzduğu üçün mübarizəni dayandırıb.
Xatırladaq ki, daha öncə Teymur Rəcəbovla Ülviyyə Fətəliyeva 2-ci mərhələ görüşlərindən qalib ayrılaraq növbəti mərhələyə birbaşa vəsiqə əldə etmişdilər. Teymur ilk görüşdə “sülh bağladığı” macar Viktor Erdoşla cavab oyununda uğur qazanmışdı. Ülviyyə isə Polşa təmsilçisi Monika Soçkonu üstələmişdi.
Qeyd edək ki, Dünya Kubokunda 3-cü mərhələnin görüşləri avqustun 5-də keçiriləcək. Azərbaycan bu mərhələdə altı şahmatçı ilə təmsil olunacaq.


