“Real”ın müdafiəçisi Daniel Karvaxal futbolçuların oynamaq məcburiyyətində qaldığı həddən artıq yüklənmiş təqvimdən narazılığını bildirib.
Arena.az “Madrid Universal” dərgisinə istinadən, Karvaxalın bu barədə fikirlərini təqdim edir:
“Oyunların siyahısı çox tələbkardır, bu, çətindir. Karlo Ançelotti və eyni şeyi deyən hər kəslə tamamilə razıyam. Bu qədər xəsarətlərin olması adi hal deyil. Üç gündən bir yüz faiz hazır olmaq kifayət qədər çətindir. Əgər təqvimi asanlaşdırmaq üçün maaşları azaltmalı olsaq, o zaman bunu edəcəyik. Biz heç vaxt maaşları azaltmayacağımızı deməmişik”, deyə Karvaxal bildirib.
Xatırladaq ki, hazırda Karvaxalın özü də zədələidir. Müdafiəçi soleus əzələsindən aldığı zədənin müalicəsi ilə məşğuldur.
Sağ cinah müdafiəçisi Dani Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb və tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Karavaxalın “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Karvaxal “Real”ın heyətində 17 oyun keçirib, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Daniel “Real”la bütün mümkün klub turnirlərini qazanıb: 3 dəfə İspaniya çempionatının, 2 dəfə İspaniya Kubokunun, 3 dəfə İspaniya Super Kubokunun, 5 dəfə Çempionlar Liqasının, 4 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.
Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 42 oyuna çıxıb, 6 məhsuldar ötürmə verib və “qırmızı qəzəb”in heyətində 2023 UEFA Millətlər Liqasını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 turnirlərində çempion olub.
“Transfermarkt” internet-portalı 31 yaşlı Daniel Karvaxalı 12 milyoon avro məbləğində qiymətləndirir.


