İspaniya yığmasının sağ cinah müdafiəçisi Daniel Karvaxal, “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodri ilə bağlı etiraf edib.
Arena.az COPE dərgisinə istinadən məlumat verir ki, Karvaxal hazırda AÇ-2024-də birlikdə çıxış etdiyi, İspaniya yığmasında komanda yoldaşı olan Rodrini hər gün “Real”a keçməyə sövq edir:
“Mən Rodriyə hər gün deyirəm ki, “Real”la müqavilə imzalasın. Hər gün ona deyirəm ki, Mançesteri tərk etməlidir, çünki orada günəş yoxdur və Madridə köçməlidir. Rodriyə deyirəm ki, ona ehtiyacımız var. Mənə deyir ki, müqaviləsi var. Bununla belə, Rodri bizim üçün mükəmməl futbolçu olardı”, deyə Daniel Karvaxal etiraf edib.
Rodri Madrid “Atletiko”sunun yetirməsidir. İspan “dayaqçı” “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Artıq geridə qalmış 2023/2024-cü illər mövsümündə Rodri “şəhərlirlər”in heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 9 qol vurub, 14 məhsuldar ötürmə verib.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. Rodri həmçinin 2022/2023 mövsümü Çempionlar Liqasında mövsümün oyunçusu seçilib.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 55 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı ispan dayaq yarımmüdafiəçisi Rodrinin transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir. Bu isə Rodrinin futbol tarixində ən bahalı ispan futbolçu olması deməkdir.


