Daniele De Rossi: “Roma” bu işi Mourinyo ilə də bacarardı”

“Roma”nın baş məşqçisi Daniele De Rossi çalışdırdığı kollektivin onun rəhəbərliyi altında çıxışını şərh edib.

Arena.az jurnalist Alfredo Pedullanın saytına istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Bu, mənimlə Mourinyo arasında rəqabət deyil. Aydındır ki, işlərimiz yaxşı gedir və mən ilk gəldiyimdə, ağlımıza belə gətirmədiklərimiz uğrunda yenidən mübarizə aparırıq. Uşaqlar inanılmaz iş görürlər, amma düşünürəm ki, Mourinyonun rəhbərliyi altında da bunu edə bilərdilər, çünki hər şey ilk növbədə onlardan asılıdır. Mənə elə gəlir ki, onlar bunu mənsiz də edərdilər”, deyə De Rossi vurğulayıb.

Xatırladaq ki, Daniele De Rossi “canavarlar”ın sükanı arxasında yanvarın 16-da gözlənilmədən istefaya göndərilmiş portuqal mütəxəssis Joze Mourinyonu əvəz etmişdi. İtalyan mütəxəssisin paytaxt təmsilçisi ilə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər qüvvədədir.

De Rossi Mourinyonun başladığı işi layiqincə davam etdirir. “Canavarlar” cari mövsüm İtaliya çempionatında 33 oyuna topladıqları 58 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıblar. İtalyan mütəxəssis “Roma”nı 19 oyuna çıxarıb, 13 qələbə qazanıb, 3 heç-heçə edib, 3 məğlubiyyət acısı yaşayıb. “Canvarlar”ın top fərqi isə 40:21 nisbətindədir.

2021-ci ilin martında Daniele De Rossi AÇ-2020-nin sonuna qədər texniki köməkçi vəzifəsini tutaraq, İtaliya yığmasında Roberto Mançininin məşqçilər qərargahında olub. İtaliya yığması AÇ-2020-də qələbə qazanıb. 2021-ci ilin avqustunda De Rossi milli komandanın məşqçilər qərargahından istefa verdiyini açıqlayıb və 2022-ci ilin oktyabrında müstəqi məşqçilik karyerasına başlayıb. De Rossi B Seriyasının təmsilçisi SPAL-ın sükanı arxasına keçib.

Daniele De Rossi 2002-2019-cu illərdə “Roma”da çıxış edib. Bu müddət ərzində dayaq yarımmüdafiəçisi bütün yarışlarda “canavarlar”ın heyətində 626 oyunda iştirak edib, 63 qol vurub, 60 məhsuldar ötürmə vedib.

“Roma” azarkeşləri Daniele De Rossini Françesko Totti ilə bərabər klubun canlı əfsanəsi adlandırırlar.

Xəbəri sosial şəbəkələrdə paylaş: