David Silva: “Müasir futbol robotlaşdırılıb”

İspaniya yığmasının sabiq yarımmüdafiəçisi David Silva futbolun müasir mərhələdəki inkişaf səviyyəsi ilə bağlı danışıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, o, müasir futbolun robotlaşdırıldığı qənaətindədir:

“İndiki futbol demək olar ki, tamamilə fiziki hazırlığa əsaslanır. Mən bunu son illərdə müşahidə etmişəm. Hər şey daha da robotlaşdırılıb. İstedad getdikcə daha az fəaliyyət azadlığına malikdir, amma ona sahib olanlar uyğunlaşır və ondan istifadə edirlər”, deyə Silva görüşünü açıqlayıb.

Əlavə edək ki, bir çox mütəxəssislər də Silva ilə oxşar fikirdədirlər. Məsələn, Arentina yığmasının və “İnter Mayami”nin ulduz hücumçusu Lionel Messi son müsahibələrinin birində müasir futbolda klassik “10 nömrə”lərin yoxa çıxdığına dair fikir bildirmişdi.

David Silva keçmiş komandası “Mançester Siti”nin hazırkı hücumçusu, norveçli qolçu Erlinq Halandla eyni komandada oynamaq istəyib-istəmədiyi barədə sualı da cavablayıb:

“Bu, əla olardı, elə deyilmi? Bu adam qol vurmaqdan yorulub-usanmır. Keçmişdə onun kimi yaxşı hücumçularla paltardəyişmə otağını bölüşmək mənə nəsib olub. Aydındır ki, Haland ona ötürmələr verənlər üçün xeyir-duaçıdır”, deyə Silva bildirib.

Xatırladaq ki, David Silva futbolçu karyerasını 2023-cü ilin yayında bitirib. Onun sonuncu komandası “Real Sosyedad” olub. İspan yarımmüdafiəçi karyerası ərzində “Mançester Siti” (436 oyun, 77 qol, 140 assist), “Valensiya” (168 oyun, 32 qol, 36 assist), “Selta” (36 oyun, 4 qol) və “Eybar” (10 oyun, 1 qol) kimi klublarda da forma geyinib. O, İspaniya milli komandasında da 125 oyuna çıxıb, 35 qola imza atıb.