De Bröyne dəqiq ötürmələrin statistikasını faydasız hesab edir

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne futbolda dəqiq ötürmələrin statistikasının əhəmiyyətsiz olduğunu bildirib.

Arena.az “Give me Sport” dərgisinə istinadən məlumat verir ki, belçikalı futbolçu buna xüsusi diqqət yetirməyə ehtiyac görmür, onları faydasız hesab edir:

“Məncə, futbolda dəqiq ötürmələrin statistikası ən faydasız məqamdır. Mənim 96% tamamlanmış ötürmələr nisbətim ola bilər, amma yana və ya geri oynaya bilərəm, bu isə heç bir təhlükə yaratmayacaq. Bu, o deməkdir ki, mən heç nə etməmişəm. Bunun nə mənası var ki?”, deyə təcrübəli futbolçu fikrini əsaslandırıb.

Kevin De Bröyne “Mançester Siti”yə 2015-ci ilin avqustunda 76 milyon avro məbləğ müqabilində “Volfsburq”dan keçib. Belçikalı hücumameylli yarımmüdafiəçinin “Mançester Siti” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə De Bröyne bir müddət zədə səbəbindən oynamasa da, “şəhərlilər”in heyətində aparıcı futbolçulardan biri olub. Belçikalı oyunçu ötən mövsüm “Mançester Siti”nin heyətində 26 oyuna çıxıb. Kevin bu oyunlarda 6 qol vurub, 18 məhsuldar ötürmə verib.

Yenicə başlamış cari mövsümdə isə o, “Mançester Siti” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.

De Bröyne “şəhərlilər”in heyətində ümumilikdə 384 oyun keçirib, 102 qol və 170 məhsuldar ötürmə müəllifi olub.

Kevin 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 105 oyun keçirib, 28 qol vurub, 49 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 33 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: