“Jirona”nın mərkəz müdafiəçisi Deyli Blind Niderland yığmasının heyətində çıxışını başa vurduğunu bəyan edib.
Arena.az məlumat verir ki, Blind bu barədə özünün sosial şəbəkə hesabı üzərində paylaşdığı yazıda məlumat verib:
“Mənim üçün narıncı köynəyi 108 dəfə geyinmək şərəf idi, mənim üçün bu, bir oyunçu kimi ən yüksək nailiyyətdir: ölkəmi təmsil etmək.
11 il ərzində o gözəl narıncı formanı geyinməyə davam etmək üçün əlimdən gələni etdim. Bu, mənə o qədər, o qədər xoş anlar bəxş etdi ki… Mən bunu qiymətləndirirəm. Yeni, istedadlı nəsil yetişir və millinin baş məşqçisi ilə xoş söhbətdən sonra bütün diqqəti öz klubuma və ailəmə yönəltməyin vaxtı çatıb.
Bir daha, bu, böyük şərəf idi! Məşqçilər, heyət, komanda yoldaşları və əlbəttə ki, narıncı legion sayəsində gözəl illər yaşandı! Hamınız üçün darıxacağam. Hər kəsə təşəkkür edirəm”, – Blind yazıb.
Mərkəz müdafiəçisi Deyli Blind “Ayaks”ın yetirməsidir. Blind karyerası ərzində “Qroningen”, “Mançester Yunayted”, “Bayern” və “Jirona”da çıxış edib.
“Jirona” Blidi 2023-cü ilin iyulunda “Bayern”dən azad agent qismində öz düşərgəsinə qatıb. Kataloniya klubunun niderlandlı futbolçu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Geridə qalmış 2023/2024-cü illər mövsümündə Blind “Jirona”nın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.
Deyli Blind 2013-cü ilin fevralında debüt etdiyi Niderland yığmasının heyətində keçirdiyi 108 oyuna 3 qol vurub, 15 məhsuldar ötürmə verib.
Deyli Blindin qənimətlər muzeyində “Ayaks”la Niderland çempionluğu (7 dəfə), Niderland Kuboku və Niderland Super Kuboku (hər biri – 2 dəfə), “Mançester Yunaytd”lə İngiltərə Kuboku, İngiltərə Liqa Kuboku, İngiltərə Super Kuboku və Avropa Liqası, həmçinin “Bayern”lə Almaniya çempionluğu var.
Fərdi uğurlara gəlincə, Blind 2014-cü ildə Niderlandda ilin futbolçusu seçilib.
“Transfermarkt” internet-portalı 34 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir



