“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq braziliyalı cinah hücumçusu Antoni haqda fikrini bilirib, futbolçuya tələbini açıqlayıb.
Arena.az niderlandlı mütəxəssin bu barədə fikrini təqdim edir:
“Antoni özünə gəlməlidir və onun bunu etmək imkanı var. Əgər o, düzgün işlər görərsə, bizim gənc istedadlarımızla rəqabət apara biləcək.
Antoni meydanda öz yeri uğrunda mübarizə aparır. “Mançester Yunayted”in heyətində hər bir oyunçudan gözlədiyimiz də budur. Oyunçular mübarizə aparmalıdırlar. Əlbəttə, Antoni səbrsizdir, həmişə oynamaq istəyir, amma heyətimizdə Amad Diallo və Qarnaço var, hansılar ki, çox səmərəli olublar, Raşford da həftə sonu qol vurdu… Antoni məşqdə haqqını qazanmalıdır. Onun mövqeyində olan digər oyunçular da yaxşı oynayırlar, ona görə də Antoni oynamaq üçün daha da yaxşı olmalıdır”, deyə Erik ten Haq vurğulayıb.
Antoni “San-Paulu”nun yetirməsidir. Braziliyalı hücumçu 2022-ci ilin avqustunda “Ayaks”dan 95 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə keçib. Antoninin “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Braziliyalı hücumçu cari mövsümdə “Mançester Yunayted”in heyətində 1 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. Antoninin İngiltərə nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 83 oyun, 11 qol və 5 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu “qırmızı şeytanlar”la İngiltərə Kubokunun (2024) və İngiltərə Liqa Kubokunun (2023) qalibi olub.
Antoni 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 16 oyuna çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Antoni “selesao” ilə 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı cinah hücumçusu Antoninin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, bir müddət əvvəl, Braziliya futbolunun əfsanəsi Rivaldo Antonini “Mançester Yunayted”dən ayrılmağa səsləmişdi. Rivaldo “qırmızı şeytanlar”ın düşərgəsində Antoninin öz isteadını tədricən itirəcəyindən qayğılıdır.


