“Mançester Siti”nin hücumçusu Erlinq Haland hər oyunda orta qol sayına görə XXI əsr futbolçuları arasında ən yaxşı göstəriciyə malikdir.
Arena.az bu barədə “PopFoot” dərgisinə istinadən məlumat verir.
Norveçli hücumçu hər oyunda orta hesabla 0,82 qol vurur ki, bu da dünyanın ən yaxşı göstəricisidir.
Hər oyunda orta qol sayına görə XXI əsrin ən yaxşı 10 oyunçusundan ibarət siyahını təqdim edirik:
- Erlinq Haland – 0,82 qol (315 oyunda 257 qol);
- Lionel Messi – 0,78 qol (838/1069);
- Kristiano Ronaldo – 0,73 qol (897/1233);
- Kilian Mbappe – 0,72 qol (332/462);
- Robert Levandovski – 0,70 qol (654/928);
- Harri Keyn – 0,63 qol (407/644);
- Neymar – 0,61 qol (440/719);
- Rud van Nistelroy – 0,60 qol (277/463);
- Luis Suares – 0,60 qol (576/968);
- Zlatan İbrahimoviç – 0,58 qol (567/980).
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 2 oyuna çıxıb, 1 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 100 oyun, 91 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. O, yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.


