Erlinq Haland: “Məni həmişə Kristiano Ronaldo ruhlandırıb”

“Mançester Siti”nin mərkəz hücumçusu Erlinq Haland uşaqlıqda “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldonun oyunundan ilhamlandığını bildirib.

Arena.az “TV 2”-yə istinadən Halandın bu barədə fikirlərini diqqətinizə çatdırır:

“Mən həmişə Ronaldonu, onun cərimə meydançasındakı hərəkətlərini izlədiyimi xatırlayıram: olmaq istədiyi sahəyə girməzdən əvvəl iki və ya üç hərəkət edərdi. Bu, müdafiəçilərlə duel kimi bir şeydir. Vaxtı mükəmməl seçmək vacibdir. Və təbii ki, ötürmə yaxşı olmalıdır. Yaxşı ötürmə olmasa, başınla qol vura bilməyəcəksən.

Ronaldodan başqa mənə ilham verən olubmu? O, əsasdır. Onun hərəkət tərzi, oyun tərzini necə inkişaf etdirdiyi… Yadınızdadırsa, “Mançester Yunayted”də, sonra “Real”da ilk illərində necə oynadı? “Real”da o, hücumçu oldu. Onun bunu etməsi inanılmazdır. Onun qol vurma tərzi də inanılmaz idi. Söhbət cərimə meydançasında nəzərə çarpmayan hərəkətlər və müdafiəçiləri aldatmaq bacarığından gedir”, deyə norveçli qolçu portuqal superulduzdan ağızdolsu söhbət açıb.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 18 oyuna 17 qol vurub və 4 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 71 oyun, 69 qol, 13 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Norveç yığmasının heyətində 28 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: