“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland “şəhərlilər”in heyətində debüt mövsümünün yekunları haqda danışıb.
Arena.az “City Xtra” dərgisinə istinadən, Halandın bu barədə fikirlərini təqdim edir:
“Mən mümkün qədər tez uyğunlaşmağı, insanları, klubu, komandanın nə oynadığını və necə oynadığını tanımağı planlaşdırırdım. Ümumilikdə məqsədim Çempionlar Liqasını qazanmaq idi. Məqsəd bu idi, mən bunu bura gələndə səsləndirmişəm.
İlk gündən həzz aldım – paltardəyişmə otağında yaxşı ab-hava vardı, bura mənim gəlmək istədiyim və olmaq istədiyim yerdir. Məncə, siz meydanda da bunu görmüsünüz.
“Mançester Siti” əvvəllər ardıcıl iki dəfə Premyer Liqanın qalibi olmuşdu, ona görə də müəyyən təzyiq vardı. Təxminən 248 gün “Arsenal”ın arxasında idik, buna görə də təzyiq hiss edilirdi. Mən gəlsəm və Premyer Liqanı qazanmasaydıq, başlanacaqdı: “O, hər şeyi məhv etdi”. Amma “trebl” əldə etmək fantastik idi”, deyə Haland bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Haland və təmsilçilərinin, “qolçu vikinq”in karyerasını “Real”da davam etdirmək istədiyi barədə xəbərlər yayılmışdı.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 23 oyuna 19 qol vurub və 5 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 76 oyun, 71 qol, 14 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün “Liverpul”un misirli hücumçusu Məhəmməd Salahla birgə ən sərrast futbolçusudur – 14 qol.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib. O, bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı mərkəz hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı futbolçusu olduğu deməkdir.


