Erlinq Haland Premyer Liqada bunu bacaran 2-ci futbolçudur

Premyer Liqanın 18-ci turunun “Brentford”la təxirə salınmış oyunu “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, Haland 1:0 hesabıyla qalib gəldikləri bu oyunda komandasının yeganə qolunu vurmaqla, “şəhərlilər”in qələbəsini təmin edib.

Beləliklə, Haland Premyer Liqa çərçivəsində qarşı oynadığı 21 komandanın hamısının qapısına yol tapmağı bacarıb və Premyer Liqa tarixində buna nail olmuş 2-ci futbolçu olub.

Müvafiq nəticəyə ilk dəfə “Tottenhem”in ingilis sabiq mərkəz hücumçusu, hazırda “Bayern”də çıxış edən Harri Keyn nail olub. Harri qarşı oynadığı 32 Premyer Liqa təmsilçisinin torunu silkələyib.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 28 oyuna 22 qol vurub və 6 məhsuldar ötürmə verib. Halandın “Mançester Siti”nin heyətində ümumi statistikası isə belədir: 81 oyun, 74 qol, 15 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin İngiltərə Premyer Liqasının cari mövsümünün ən sərrast futbolçusudur – 17 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.

Erlinq Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib. Erlinq bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı üç futbolçusundan biri olduğu deməkdir.