İngiltərə Premyer Liqasının “Arsenal”la 5-ci tur ev oyunu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Arena.az xatırladır ki, Haland 2:2 hesabıyla başa çatmış bu oyunda qolla fərqlənib.
Bu qol “qolçu vikinq”in cari mövsümdə Premyer Liqa çərçivəsində meydana çıxdığı 5-ci oyunda 10-cu qolu olub.
“Squawka” dərgisinin məlumatına görə, bu nailiyyət İngiltərə Premyer Liqası tarixində bir ilkdir. Halanda qədər heç bir futbolçu müvafiq məhsuldarlıq rekorduna nail ola bilməyib.
Yeri gəlmişkən, bu qol, Halandın “şəhərəlilər”in heyətində vurduğu 100-cu qol olaraq rəsmiləşib.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 7 oyuna çıxıb, 10 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 105 oyun, 100 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. Haland yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 35 oyuna 32 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.


