Erlinq Haland Premyer Liqada növbəti rekorda imza atdı

“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasında 50-ci qoluna imza atıb.

Arena.az məlumat verir ki, o, Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutan “Liverpul”la ev oyununda (1:1) fərqlənib.

Beləliklə, “Squawka” dərgisinin məlumatına görə, Haland İngiltərə Premyer Liqasında 50 qol vurmağı ən tez bacarmış futbolçu kimi çempionatın rekordunu müəyyənləşdirib. Bunun üçün norveçli qolçuya cəmi 48 oyun kifayət edib. Əvvəlki rekord bu göstəriciyə “Nyukasl”da oynadığı zaman 65 oyunda nail olmuş ingilis mərkəz hücumçusu Endi Koula məxsus idi.

Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 19 oyuna 18 qol vurub və 4 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 72 oyun, 70 qol, 13 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin Premyer Liqanın cari mövsümünü ən sərrast futbolçusudur – 14 qol.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının və UEFA Super Kubokunun qalibi olub.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib. O, bu oyunlarda 27 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: