İngiltərə Premyer Liqasının 2-ci turunda “İpsviç Taun”la ev oyunu “Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “qolçu vikinq” bu oyunda komandasının 4:1 hesablı qələbəsinə vurduğu 3 qolla töhfəsini verib.
Bu, Halandın İngiltərə Premyer Liqasında 7-ci het-trikidir. Beləliklə, Haland İngiltərə Premyer Liqasında het-triklərin sayına görə 6-cı futbolçu olub. Haland bu göstəricidə uruqvaylı hücumçu Luis Suaresi geridə qoyub, ingilis hücumçu Ueyn Runiyə çatıb.
İngiltərə Premyer Liqasında het-triklərin sayına görə mütləq nəticə argentinalı hücumçu Serxio Aqueroya məxsusdur – 12 het-trik. İngilis hücumçu Alan Şirerin 11 het-triki var. Digər bir ingilis hücumçu Robbi Fauler 9 het-trikə imza atıb. İngilis hücumçular – Harri Keyn və Maykl Ouen, həmçinin fransalı hücumçu Tyerri Anri 8 het-trikin müəllifidirlər.
Həmçinin Erlinq Haland İngiltərə Premyer Liqasında qarşı oynadığı komandaların hamısına qol vurmağı bacarıb. “İpsviç Taun” norveçli hücumçunun qarşı oynadığı 23-cü komanda olub. “Qolçu vikinq” bu komandalarla oyunlarda ən azı bir dəfə rəqib qapısına yol tapmağı bacarıb.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 3 oyuna çıxıb, 4 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 101 oyun, 94 qol, 14 məhsuldar ötürmə.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. “Qolçu vikinq” yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.


