“Mançester Siti”nin norveçi mərkəz hücumçusu Erlinq Haland futbol azarkeşlərini qarşıdan gələn Milad bayramı münasibətilə təbrik edib.
Arena.az məlumat verir ki, norveçli qolçu Santa-Klaus geyimində Çempionlar Liqası Kuboku və futbol topu ilə birlikdə şəklini özünün “X” sosial şəbəkə hesabı üzərindən bu sözlərlə paylaşıb:
“HO-HO-HO Milad buradadır! Ümidvaram ki, siz sevdiklərinizlə bundan həzz ala bilərsiniz”, – Haland yazıb.
Xatırladaq ki, Milad bayramı dekabrın 25-də qeyd edilir.
Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 22 oyuna 19 qol vurub və 5 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 75 oyun, 71 qol, 14 məhsuldar ötürmə. Norveçli qolçu həmçinin Premyer Liqanın cari mövsümünü ən sərrast futbolçusudur – 14 qol.
Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olub.
Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç milli komandasının heyətində 29 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.



