“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland təqvim ilinin ən sərrast futbolçuları siyahısına başçılığı ələ keçirib.
Arena.az məlumat verir ki, norveçli qolçu “Mançester Yunayted”lə oyunda (3:0) dubl edib və 2023-cü ilin əvvəlindən klub və yığma komanda səviyyəsində vurduğu qolların sayını 44-ə çatdırıb.
Bunun sayəsində Haland “Əl-Nəsr”in portuqal superulduzu, hücumçu Kristiano Ronaldonu qabaqlayıb. Hazırda Ronaldonun hesabında 43 qol var.
Eyni zamanda Haland Mançester derbisinin ən məhsuldar futbolçularının beşliyinə daxil ola bilib. Norveçli qolçuya qol və məhsuldar ötürmə cəmi üzrə 8 xalı toplamaq üçün 3 oyun kifayət edib. İlk beşlikdə sıralama belədir:
Serxio Aquero – 8 xal (13 oyun), Ueyn Runi – 9 xal (21 oyun), Erik Kantona – 10 xal (6 oyun), Rayan Giqqz – 13 xal (29 oyun).
Daha bir statistik nəticə Erlinq Halandın İngiltərə Premyer Liqasında hər 64 dəqiqədən bir məhsuldar fəaliyyətə imza atdığını müəyyən edib. Norveçli qolçu ən azı 40 oyun keçirmiş oyunçular arasında bu göstəricidə ən yaxşı nəticənin sahibidir.
İmprovizə edilmiş reytinqin ilk beşliyində növbəti pilləni “Liverpul”un misirli ulduzu, hücumçu Məhəmməd Salah tutub. Salah səmərəli fəaliyyətinə 93 dəqiqə sərf edir. “Arsenal”ın fransız sabiq hücumçusu Tyeri Anri və “Mançester Siti”nin argentinalı sabiq hücumçusu Serxio Aquero 86 dəqiqəlik zaman kəsiyi ilə 3-4-cü yerləri bölüşürlər. Beşliyi “Arsenal”ın və “Mançester Yunayted”in holland sabiq hücumçusu Robin van Persi 102 dəqiqəlik göstərici ilə tamamlayır.
Xatırladaq ki, Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçi qolçunun “şəhərlilər”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Haland “şəhərlilər”in heyətində 15 oyuna 13 qol vurub və 3 məhsuldar ötürmə verib. Halandın “Siti”nin heyətində ümumi statistikası isə belədir: 68 oyun, 65 qol, 12 məhsuldar ötürmə.
Haland 2019-cu ilin sentyabrında debüt etdiyi Norveç yığmasının heyətində 28 oyun keçirib, 27 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.


