“Mançester Siti”nin hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasında 2022/2023 mövsümünün ən yaxşı futbolçusu elan edilib.
Arena.az xəbər verir ki, o, bu gün Monako şəhərində təşkil olunmuş UEFA Çempionlar Liqasının 2023/2024 mövsümünün qrup mərhələsinin püşkatma mərasimində bu mükafata layiq görülüb.
Norveçli forvard səsvermədə İngiltərə klubunda komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bröyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.
Xatırladaq ki, Erlinq Haland ÇL-in 2022/2023 mövsümündə rəqib qapılarından 12 top keçirməklə bombardir olub.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aytana Bonmati layiq görülüb.
2022/2023 mövsümünün ən yaxşı baş məşqçisi də müəyyənləşib. Bu ada İngiltərənin “Mançester Siti” klubuna rəhbərlik edən Xosep Qvardiola layiq görülüb.

İspan mütəxəssis səsvermədə İtaliyanın “İnter” klubundakı həmkarı Simone İnzaqi və ötən mövsüm “Napoli”nin “sükanı arxası”nda olan Luçano Spallettini qabaqlayıb.
Qadınlar arasında ilin məşqçisi mükafatına İngiltərənin qadınlardan ibarət yığma komandasının holland çalışdırıcısı Sarina Viqman layiq görülüb.
Almaniya yığmasının sabiq hücumçusu Miroslav Kloze də bugünkü tədbirdə xüsusi mükafata layiq görülüb. Vurduğu 16 qolla futbol üzrə dünya çempionatları tarixinin ən yaxşı bombardiri olmuş keçmiş futbolçu UEFA Prezidentinin mükafatını alıb. Onun karyerası qitə futbol qurumunun rəhbəri Aleksander Çeferin tərəfindən “Təkcə qətiyyət və məharətin sübutu deyil, həm də peşəkarlıq və idmanın özünün sərhədlərini aşan idman ustalığı” kimi qiymətləndirilib.


