“Mançester Siti”nin norveçli mərkəz hücumçusu Erlinq Haland bu gün İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
Arena.az xəbər verir ki, o, 2023/2024 mövsümünün 4-cü turu çərçivəsində baş tutan “Fulhem”lə oyunda het-trik etməklə, Premyer Liqada 50 məhsuldar fəaliyyət həddinə çatıb və ötüb – 42 qol və 9 məhsuldar ötürmə.
Bu göstəriciyə çatmaq üçün Halanda 39 oyun kifayət edib.
Xatırladaq ki, əvvəlki rekord “Mançester Yunayted”in sabiq hücumçusu Endi Koula məxsus idi. Koul qol və ötürmə sistemi üzrə 50 məhsuldar fəaliyyətinə 43 oyun ərzində nail olmuşdu.
Ötən mövsüm Haland “Mançester Siti”nin heyətində bütün turnirlərdə 53 oyunda iştirak edib, 52 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib. Cari mövsümdə isə Haland “şəhərlilər”in heyətində 6 oyuna 6 qol vurub və 1 məhsuldar ötürmə verib.
Xatırladaq ki, bu həftənin əvvəlində Erlinq Haland İngiltərə Premyer Liqasında ilin ən yaxşı oyunçusu seçilib. Norveçli qolçu həmçinin UEFA-ya görə 2022/2023 mövsümünün ən yaxşı oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 23 yaşlı Erlinq Halandı 180 milyon avro məbləğində qiymətləndirir.


