“Liverpul”un Portuqaliyadan olan hücumameyilli yarımmüdafiəçisi, “Leypsiq”də icarədə olan Fabio Karvalyo yenidən İngiltərə klubuna qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhəngi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xatırladaq ki, 21 yaşlı yarımmüdafiəçi 2023-cü ilin iyul ayında Almaniya təmsilçisinə icarəyə verilmişdi. İcarə müqaviləsi 2024-cü ilin iyun ayına qədər olsa da, “Liverpul” onu vaxtından əvvəl geri qaytarmağa qərar verib.
Britaniya mətbuatının yazdığına görə, bu qərara Karvalyonun Almaniya klubunda az oyun şansı qazanması səbəb olub. Bu vəziyyət “Liverpul”u qane etmədiyindən, yarımmüdafiəçinin geri qayıtması qərara alınıb. Bu mövsüm portuqal futbolçu “Leypsiq”in heyətində bütün yarışlarda 15 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
Fabio Karvalyo 2022-ci ilin yay transfer pəncərəsində “Fulhem”dən 5,9 milyon avro müqavilində “Liverpul”a keçib. Onun ingilis klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna qədər qüvvədədir. Yarımmüdafiəçi İngiltərə nəhənginin əsas komandasında 21 oyun keçirib, 3 qola imza atıb.
Daha öncə yalnız “Fulhem”də oynamış (44 oyun, 12 qol, 8 assist) Karvalyo, Portuqaliyanın U-21 millisində də forma geyinir.
“Transfermarkt” internet-portalı Fabionu 16 milyon avro məbləğində qiymətləndirir.


