Futbol üzrə Braziliya yığmasının sabiq üzvü Fernandinyo İngiltərənin “Mançester Siti” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 37 yaşlı futbolçu bundan sonra karyerasını vətənində davam etdirəcək.
Təcrübəli yarımmüdafiəçi keçmiş klubu “Atletiko Paranaense” ilə anlaşıb. Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər arasında 2 illik müqavilə imzalanıb. O, köhnə-yeni klubunda 5 nömrəli formanı geyinəcək.
Fernandinyo peşəkar karyerasına məhz yetirməsi olduğu “Atletiko Paranaense”də başlayıb. O, 2005-ci ildə bu klubdan ayrılaraq Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına üz tutub. Məhz bu komandadakı 8 illik çıxışı sayəsində futbolçu “Mançester Siti”nin maraq dairəsinə düşüb. İngiltərə klubu 2013-cü ildə onu transfer edib. O, Mançester təmsilçisindəki 9 mövsüm ərzində 383 oyuna çıxıb, 26 qola imza atıb.
Fernandinyonun “Mançester Siti”də qazandığı uğurların siyahısı da genişdir:
İngiltərə Premyer Liqası: 2013/14, 2017/18, 2018/19, 2020/21, 2021/22
İngiltərə Federasiya Kuboku: 2018/19
İngiltərə Liqa Kuboku: 2013/14, 2015/16, 2017/18, 2018/19, 2019/20, 2020/21
İngiltərə Super Kuboku: 2018
Braziliyalı futbolçu ölkəsinin yığma komandasında da 53 oyunda 2 qol vurub.


