Ferran Torres: “Yamal bunu sanki məktəb həyətində edir”

“Barselona”nın ispan hücumçusu Ferran Torres həm klbuda, həm də millidəki komanda yoldaşı Lamin Yamalın oyun tərzi haqda fikrini bildirib.

Arena.az Torresin müvafiq fikrini təqdim edir:

“Mən, Yamalın, futbol meydanında təzyiqdən xəbardar olduğunu düşünmürəm. O, elə oynayır ki, bunu sanki məktəb həyətində edir. Ümidvaram ki, o, eyni ruhda da davam edəcək və sadəcə olaraq zövq alacaq”, deyə Ferran Torres vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 13 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 89 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: