Flik “Espanyol” üzərində qələbəni şərh etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 12-ci turunda “Espanyol” üzərində ev qələbəsini (3:1) şərh edib.

Arena.az “Barselona”nın mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu bardə fikrini təqdim edir:

“Biz üç xal qazandıq və derbidə qalib gəldik, bu, çox vacibdir. Düzdür, ikinci hissədə nəbzimizi aşağı saldıq və müəyyən məqamlarda sayıqlığımızı itirdik, amma müvafiq hallar baş verirlər. Bunu qəbul edirəm, çünki qalib gəldik, amma irəliyə baxmaq lazımdır. Çərşənbə günü UEFA Çempionlar Liqasında daha güclü olmalıyıq və səviyyəmizi yüksəltməliyik”, deyə Flik bildirib.

Hans-Diter Flik “Barselona”nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq haqda da danışıb. Alman mütəxəssisin bu barədə fikrini təqdim edirik:

“Mən Frenkidə gördüklərimi bəyənirəm. O, oyuna sabitlik verir, topa əla nəzarət edir. Bizim üçün inanılmaz dərəcədə faydalıdır. O, çox ağır zədə yaşayıb”, deyə baş məşqçi zədədən yenicə qayıtmış futbolçusu haqda vurğulayıb.

12 turdan sonra “Barselona” La Liqasının yarış cədvəlində 33 xalla liderdir. “Espanyol” isə 10 xalla 17-cı pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: