Frenk Lempard yenidən “Çelsi”də – Bu dəfə “müvəqqəti”

Futbol üzrə İngiltərə milli komandasının sabiq üzvü Frenk Lempard 2 illik fasilədən sonra yendən “Çelsi”nin baş məşqçisi təyin olunub. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

44 yaşlı mütəxəssis bu mövsümün sonunadək “zadəganlar”a rəhbərlik edəcək. Klub keçmiş çalışdırıcısının bu dəfə müvəqqəti baş məşqçi təyin olunduğunu xüsusi vurğulayıb. Bu isə mövsümün sonunda “Çelsi”nin yeni baş məşqçiyə tapşırılacağından xəbər verir. Çox güman ki, hazırda istədiyi mütəxəssislə müqavilə bağlaya bilməyən London təmsilçisi bu təyinatla vaxt qazanmağa çalışır.

Lempard baş məşqçi postunda aprelin 2-də istefaya göndərilmiş Qrem Potteri əvəzləyib. Hansı ki, onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. Klub əvvəlcə komandaya bu mövsümün sonunadək müvəqqəti olaraq Bruno Saltorun rəhbərlik edəcəyini açıqlamışdı. Lakin Lempardın müvəqqəti baş məşqçi işləmək təklifini qəbul etməsi onların fikrini dəyişib. İngilis mütəxəssis qarşıdakı 10 Premyer Liqa matçında iş başında olacaq. Londonlular həmçinin Çempionlar Liqasında 1/4 finala yüksəlib. Komandanı Madrid “Real”ı (İspaniya) ilə oyunlar gözləyir.

Xatırladaq ki, Qrem Potter 2022-ci ilin 8 sentyabrından “Çelsi”yə rəhbərlik edirdi. O, “zadəganlar”ı bütövlükdə 31 matça çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 11 məğlubiyyətə üzülüb və 8 heç-heçə ilə kifayətlənib.

“Çelsi” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 29 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb. Komanda 38 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.

Son olaraq “Everton”a rəhbərlik etmiş Frenk Lempard bu ilin yanvarından işsiz idi. O, 2022-ci ilin yanvarından “Everton”da işləyirdi. Daha öncə “Derbi Kaunti”yə də rəhbərlik etmiş mütəxəssis 2019-cu ilin iyulundan 2021-ci ilin yanvarına qədər məhz “Çelsi”də baş məşqçi kimi çalışıb. London təmsilçisi bu məşqçinin rəhbərliyi altında 84 matça çıxıb (44 qələbə, 15 heç-heçə, 25 məğlubiyyət). Lempard futbolçu karyerası dövründə də 2001-2014-cü illər aralığında “zadəganlar”ın formasını geyinib (648 oyun, 211 qol, 145 məhsuldar ötürmə).

Xəbəri sosial şəbəkələrdə paylaş: