“Barselona”nın niderlandlı mərkəz yarımmüdafiəçisi Frenki de Yonqun agenti Əli Dursun futbolçu haqda yayılmış şayiələri cavablayıb.
Arena.az xəbər verir ki, qış transfer pəncərəsi ərəfəsində mətbuat De Yonqun Səudiyyə Ərəbistanı Peşəkar Liqasına keçəcəyi ilə bağlı car çəkir.
Əli Dursun mətbuatda yayılmış xəbərlərlə bağlı bunları söyləyib:
“Səudiyyə Ərəbistanına köçmək barədə xəbərlər tamam cəfəngiyyatdır. Bu, Frenkini həqiqətən istədiyi xüsusdan yayındırır: ən çox sevdiyi klub olan “Barsa”da parlamaqdan. Kim bilir, bəlkə “Barselona” və Frenki uzun müddət birlikdə qalacaqlar”, – nüfuzlu italyan jurnalsit-insayder Fabritsio Romano agent Əli Dursundan sitat gətirir.
Frenki de Yonq futbola Tilburq təmsilçisi “Villem II” klubunda qədəm qoyub, buadan “Ayaks”ın futbol akademiyasına yol taparaq, Niderland nəhənginin düşərgəsində püxtələşib. 2019-cü ilin iyulunda “Barselona” 86 milyon avro məbləğ müqabilində Frenki de Yonqu “blauqra”nanın düşərgəsinə qatıb. Niderlandlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə De Yonq “Barselona”nın heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə verib.
De Yonqun “blauqrana”nın heyətində ümumi çıxışı rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 226 oyun, 18 qol, 22 məhsuldar ötürmə.
Frenki de Yonq 2018-ci ilin sentyabrında debüt etdiyi Niderland yığmasının heyətində 55 oyuna çıxıb, 2 qol vurub, 6 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 27 yaşlı niderlandlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.


