“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 1-ci turunda “Bernli” üzərində qazandıqları qələbəni şərh edib.
Arena.az xəbər verir ki, norveçli hücumçu dubla imza atdığı və 3:0 hesablı qələbəyə sevindikləri matçdan sonra “Sky Sports”a açıqlamasında bunları söyləyib:
“Bir neçə aylıq fasilədən sonra qələbə ilə başlamaq yaxşıdır. Bizi çox təzyiq altına saldılar, amma bu mövsümün başlanğıc mərhələsindəyik və gərilməməyə cəhd edərək, yalnız özümüzə köklənməyə çalışacağıq. Mənə sadəcə işləmək, dincəlmək və mənfi şeylər haqqında çox düşünməmək gərəkdir. Bu, uğur üçün vacib bir əsasdır”.
“Şəhərlilər”in əsas qolçusu komandanın baş məşqçisi Xosep Qvardiola ilə münaqişəsini də şərh edib:
“Qvardiola ilə mübahisə Bernardonun sonuncu fəaliyyətinə, mənə ötürmə vermədiyinə görə yarandı. Pep mənim ötürmə xahişlərimə görə mənə bir az hiddətlənmişdi. Hamı görür ki, mən öz oyunumu inkişaf etdirirəm. Hər gün var gücümlə çalışıram. Peplə işləmək bir zövqdür, bilmirəm, gənc oyunçu üçün ondan yaxşısı varmı. Amma mən hələ gəncəm, unutmayın. Mən sadəcə ətrafımdakı xaosdan həzz alıram və meydanda oynayıram”, deyə Haland bildirib.
Xatırladaq ki, daha öncə Xosep Qvardiola da “Börnli”yə qarşı oyunun fasiləsində Halandla yaşadığı mübahisəyə öz şərhini vermişdi.


