“Barselona”nın baş məşqçisi, alman mütəxəssis Hansi Flik “blauqrana”nın onun rəhbərliyi altında oynayacağı oyun tərzindən danışıb.
Arena.az Kataloniya klubunun mətbuat xidmətinə istinadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Əvvəlki məşqçilərin istədiyini istəyirəm: yüksək təzyiq və meydanın digər yarısında oynamaq. Mən bu fikirlə razıyam, amma əsas olanı – qələbələrdir. Bizim öz fəlsəfəmiz, öz üslubumuz var. Biz necə oynamaq istədiyimizi bilirik, amma hər oyun da bir sınaqdır və dəyişikliklər mümkündür. Yarımmüdafiəçini irəli çəkə və ya təpki tərzimizi dəyişə bilərik.
Rəqibin təklif etdiklərini rəhbər tutaraq, kiçik xüsusları dəyişməyə həmişə hazır olacağıq. Burada ənənəvi yanaşma olaraq, boş bölgələr yaratmaq üçün bir toxunuşla oyun və zəncirvari ötürmələrlə oynamaqdır, amma mən oyunçularımın diqqətini qollara yönəltmələrini istəyirəm. Əgər qol vurmaq imkanı varsa, qol vur, sonrasına isə baxıb-görərik”, deyə Flik vurğulayıb.
Xatırladaq ki, “Barselona” bu yay Hans-Diter Fliklə müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə bağlayıb.
Flik məşqçilik karyerası ərzində “Viktoriya Bammental”, “Hoffenhaym”, “Bayern” və Almaniya yığmasını çalışdırıb.
Alman mütəxəssisin klub futbolu səviyyəsində uğurları Almaniya nəhəngi “Bayern”in adı ilə bağlıdır. Flik “Bayern”lə Almaniya Bundesliqasının (2019/2020, 2020/2021), Almaniya Kubokunun (2019/2020), Almaniya Super Kubokunun (2020), Çempionlar Liqasının (2019/2020), UEFA Super Kubokunun (2020), FIFA Klub Dünya Kubokunun (2020) qalibi olub.
Flik “Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola yanaşı sekstupl qazanmış iki mütəxəssisdən biridir. 2019/2020 mövsümündə “Bayern”lə müvafiq uğura imza atıb – Almaniya Bundesliqasını, Almaniya Kubokunu, Almaniya Super Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu, FIFA Klub Dünya Kubokunu qazanıb.
Hansi Flik Almaniya yığmasının baş məşqçinin köməkçisi olaraq DÇ-2014-ün qalibi olub, həmçinin AÇ-2008-də gümüş, AÇ-2012-də isə bürünc medal qazanıb.
2021-ci ildə bundestimin sükanı arxasına keçmiş Flik 2023-cü ilin sentyabrında “alman maşını”nın bərbad çalışması səbəbindən istefaya göndərilib. Alman mütəxəssis həmin vaxtdan işsiz idi.


