Hansi Flik: “Bu, komandaların oyunudur, hücumçuların yox”

“Barselona”nın baş məşqçisi Hansi Flik Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Bayern”ə qarşı keçirəcəkləri oyundan danışıb.

Arena.az AS dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis mətbuatın təqdim etdiyindən fərqli, bu oyunu hücumçuların qarşıdurması kimi qəbul etmir:

“Levandovski ilə Keyn qarşıdurması? Bu, “Barselona” – “Bayern” oyunudur. Əsas olan komandalardır. Robertin isə bugünkü çıxışından çox razıyam. Bu qələbəni (La Liqanın 10-cu turunun “Sevilya” ilə ev oyunundakı 5:1 hesablı qələbəni nəzərdə tutur – red.) qeyd etdiyimiz üçün çox şadıq. Sabah “Bayern”lə oyunun hazırlığına başlayacağıq”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, mətbuat oyun ərəfəsində aranı qızışdırmaqla məşğuldur: “Barselona”nın polyak mərkəz hücumçusu Robert Levandovskinin bir vaxtlar “Bayern”in vuran ayağı olması, “Hansi” Flikin isə Münhen komandasının müasir tarixinin ən şanlı fəsillərindən birinin müəllifi olması kimi amillər qabardılır.

Qeyd edək ki, “Barselona” – “Bayern” oyunu oktyabrın 23-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri istədiklərinizlə paylaşın