Futbol üzrə İngiltərə milli komandasının və “Lester Siti”nin sağ cinah vingeri Harvi Barns Premyer Liqa təmsilçisi “Nyukasl”a keçib.
Arena.az bu barədə “Nyukasl”ın mətbuat xidmətinə istinadən məlumat verir:
“Harvi uzun müddətdir heyran olduğum heyrətamiz istedaddır, buna görə də onu “Nyukasl”da salamlamaqdan məmnunam. O, güclü və sürətlidir. Ötən mövsüm o, müxtəlif mövqelərdən qol vura biləcəyini göstərib. O, bizim oyunumuza çoxlu yeniliklər gətirəcək. Biz onunla işləməyi səbirsizliklə gözləyirik”, deyə “Nyukasl”ın baş məşqçisi Eddi Hau bildirib.
Barnsın “sağsağanlar”ın heyətinə transferi 44 milyon avroya başa gəlib. Tərəflər 5 illik – 2028-ci ilin iyun ayının sonuna qədər müqavilə imzalayıblar.
Harvi Barns “Lester Siti”nin öz yetirməsidir. Geridə qalmış 2022/2023 mövsümündə bu komandanın heyətində 40 oyuna çıxmış futbolçu 13 qol vurub, 3 məhsuldar ötürmə verib. O, Lester təmsilçisində bütövlükdə 187 matç keçirib, 45 qol və 32 məhsuldar ötürmə müəllifi olub. Barnsın “tülkülər”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.
25 yaşlı vinger İngiltərə yığmasında 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib. O, icarə əsasında “Milton Kins Dons”, “Barnsli” və “Vest Bromviç” kimi klubların da formasını geyinib.


