İspaniya prokurorluğu “Real” baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottiyə 4 il 9 ay müddətində həbs cəzası istəyib.
Arena.az bu barədə “Relevo” dərgisinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, prokurorluq Ançelottini, italyan mütəxəssisin 2014-2015-ci illərdə vergi orqanlarından 1 milyon avro məbləğində vergini gizlətdiyi üçün təqsirli bilərək, müvafiq həbs tələbini irəli sürüb.
Xatırladaq ki, Ançelotti peşəkar məşqçilik karyerasında “Real”ın sükanı arxasına ilk dəfə 2013-cü ilin yayında keçib. 2015-ci ilin mayında isə klubdan ayrılıb. Bu müddət ərzində Ançelotti “Real”a İspaniya Kral Kubokunu, Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb. Prokurorluğun iddiasına görə isə əldə etdiyi qazancdan ödəmil olduğu vergini gizləyib.
İtalyan mütəxəssis düşdüyü işlə bağlı açıqlama verib:
“Bu, səkkiz il əvvəl başlanmış köhnə hekayədir, prokurorluq mənim rezident olduğumu hesab etdiyi halda, mən bunun belə olmadığını hesab edirəm. Mən artıq cəriməni ödəmişəm, pul artıq prokurorluqdadır, sadəcə olaraq vəkillərlə danışırlar ki, həll yolu tapsınlar. Mən günahsız olduğuma, 2015-ci ildə qeyri-rezident olduğuma əminəm, hakimin nə qərar verəcəyini isə görəcəyik”, – “Marca” nəşri Ançelottinin sözlərini sitat gətirir.
Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ilin iyulunda “Real”ın sükanı arxasına qayıdıb. İtalyan mütəxəssisin “kral klubu” ilə müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.


