“Real”ın keçmiş baş məşqçisi Joze Mourinyo 2011/2012 mövsümü Çempionlar Liqasının yarımfinalında “Bayern”lə ikinci oyunu xatırlayıb.
Arena.az xatırladır ki, həmin cütün ilk oyununda “Bayern” Münhendə, “Real” isə Madriddə 2:1 hesablı qələbə qazanmış, Madriddəki cavab oyununda isə Almaniya nəhəngi penaltilər silsiləsində “kral klubu”nu məğlub etmişdi – 3:1.
“Mən ağlamışdım, əlbəttə ki, meydanda və ya paltardəyişmə otağında deyil. Ancaq evə gedərkən yolda, bəli. Artıq evə gedəndə Jorje Mendeş mənə zəng etdi: “Mənə bir yaxşılıq et: Kristianonun evinə get, çünki o, özünü ölü hiss edir”. Ona dedim: “Mən də ölüyəm”. Amma mən bunu etdim: göz yaşlarımı sildim, hazırlandım və getdim. O zaman hamımız sınmışdıq”, – “Prime Video” Mourinyodan sitat gətirir.
Xatırladaq ki, 2011/2012 mövsümü Çempionlar Liqasının finalında “Bayern” “Çelsi” ilə qarşılaşmış, əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatmış oyunu “zadəganlar” penaltilərlə qazanmışdılar – 4:3.