“Roma”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo yenidən İspaniya nəhəngi “Real”ın sükanı arxasında keçə bilər.
Arena.az bu barədə “Todofichajes” dərgisinə istinadən məlumat verir.
Elə, həmin mənbənin məlumatına görə, italyan mütəxəssis Karlo Ançelotti cari mövsümün sonunda “Real”dan ayrılacaq. Madrid klubunun Ançelotti ilə italyan mütəxəssisin Braziliya millisini çalışdırması məsələsində qarşılıqlı razılığa gələ bildiyi vurğulanır.
“Real” rəhbərliyi “qaymaqlılar”ın baş məşqçisi vəzifəsinə ya “Bayer”in ispan çalışdırıcısı Xabi Alonsonu, ya da portuqal mütəxəssis Joze Mourinyonu dəvət etməkdə maraqlıdır. Vurğulanır ki, “Bayer” Xabi Alonsonu buraxmaq fikrində deyil, Mourinyonun isə “Real” prezidenti Florentino Pereslə yaxşı münasibəti səbəbindən “Mour”un Madridə dönmək ehtimalı daha gerçəçdir.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Portuqal mütəxəssisin “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində “Mour” paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
“Roma”ya qədər “Mour” “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.
Xatırladaq ki, Joze Mourinyo tarixdə Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.


