Joze Mourinyo “Roma”dakı gələcəyi haqda danışdı

“Roma”nın baş məşqçisi Joze Mourinyo İtaliya Kubokunda “Kremoneze” üzərində qələbədən (2:1) sonra “canavarlar”la gələcəyi haqda danışıb.

Arena.az məlumat verir ki, portuqal mütəxəssis oyunsonrası mətbuat konfransında ona ünvanlanmış müvafiq xüsusda sualı belə cavablayıb:

“Agentimə bildirdim ki, klub mənim qalıb-qalmamağıma qərar verənə qədər başqaları haqqında heç nə bilmək və ya heç kimlə danışmaq istəmirəm.

Klub kiminləsə danışıqlar aparırmı? Düzünü desəm, bunun doğru olduğuna inanmıram. Dürüstlük və qarşılıqlılıq mənim üçün çox önəmlidir. Fridkin ailəsinin nadürüst olduğunu düşünmək üçün heç bir əsasım yoxdur. Mən onların dürüstlüyünə yüz faiz inanıram.
Bu, onların məni burada istəmələri demək deyil, amma inanmıram ki, onlar mənim arxamca başqa məşqçilərlə danışıqlar aparırlar”, deyə “Mour” bildirib.

Hazırda Mourinyonun “canavarlar”ı İtaliya A Seriyasının 18 turundan sonra 28 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıblar.

“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Portuqal mütəxəssis 2021-ci ilin iyulundan “Roma”nı çalışdırır. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Canavarlar”a rəhbərliyi müddətində Mourinyo paytaxt klubunu ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: