“Roma”nın portuqal baş məşqçisi Joze Mourinyo “canavarlar”ın sükanı arxasında gələcəyinə dair açıqlama verib.
Arena.az jurnalist Canluka Di Marsioya istinadən “Mour”un bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Mənim gələcəyim? Onun haqqında deyiləcək bir şey yoxdur. Mənim gələcəyim – iyunun 30-na qədər olan müqavilədir, mən buna çox ciddi yanaşıram”, deyə Mourinyo fikrini tamamlayıb.
Təcrübəli mütəxəssisin bu fikirləri kütləvi informasiya vasitələri tərəfindən birmənalı qarşılanmayıb. Jozenin özünəməxsusluğunu nəzərə alsaq, onun müvafiq ifadəsi ilə klubda qalacağını və ya müqaviləsinin sonunda “Roma”dan ayrılacağını öncədən təxmin etmək çətindir.
Daha əvvəl məlum olmuşdu ki, 60 yaşlı mütəxəssis məşqçilik karyerasında mövsümə ən pis başlanğıc verib. Hazırda “Mour”un canavarları A Seriyasında keçirdiyi 7 turdan sonra 8 xalla 12-ci pillədə qərarlaşıblar. Çempionatın lideri “İnter”in isə 18 xalı var.
Joze Mourinyo “Roma”nı 2021-ci ilin iyulundan çalışdırır. Bu müddətdə “Mour” paytaxt klubunu tarazlamağa macal tapıb və komandanı yenidən qurararaq, ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb. Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar (1:1, 1:4).
Joze Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.


