Joze Mourinyo “Roma”ya tarixi uğursuzluğunu yaşadıb

Artıq məlum olduğu kimi, İtaliya paytaxtının təmsilçisi “Roma” portuqal mütəxəssis Joze Mourinyo ilə yollarını ayırıb.

Arena.az “Roma”nın rəsmi “X” sosial şəbəkə hesabına istinadən məlumat verir ki, klub “Mour”a qısaca təşəkkür ünvanlayıb:

“Hamımızın adından təşəkkür edirik, Joze!” – “canavarlar”ın vida nitqində deyilir.

Bu arada Joze Mourinyonun rəhbərliyi altında “Roma”nın İtaliya A Seriyasında hər oyuna cəmi 1,61 xal topladığı haqda statistik məlumat təqdim edilib. Bu, “Roma”ya ən azı 50 oyunda başçılıq etmiş məşqçilər arasında ən pis, 1994/1995 mövsümündən bəri isə ən aşağı göstəricidir.

Hazırda “Roma” 20 turdan sonra 29 xalla İtaliya A Seriyasının turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. “Canavarlar” Mourinyonun rəhbərliyi altında son oyunda səfərdə “Milan”a 1:3 hesabıyla uduzublar.

“Mour” karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Portuqal mütəxəssis “Roma”nın sükanı arxasına 2021-ci ilin iyulunda gətirilmişdi. “Mour”un “Roma” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər idi.

“Canavarlar”a rəhbərliyi müddətində Mourinyo “Roma”nı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar.
Mourun “Roma”a ilə ümumi statistikası belədir: 138 oyun, 68 qələbə, 30 heç-heçə, 40 məğlubiyyət. “Mour”un rəhəbərliyi altında “canavarlar”ın top fərqi isə 215:147 nisbətindədir.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Vurğulayaq ki, mətbuat Mourinyonun yerinə əsas namizəd kimi “Roma”nın keçmiş yarımmüdafiəçisi və sabiq kapitanı Daniel De Rossinin adını çəkir.

Xəbəri sosial şəbəkələrdə paylaş: