Joze Mourinyo: “Sentyabr ayında qaldırılacaq kubok yoxdur”

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda “Yunion”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, portuqal mütəxəssis 2:1 hesabıyla qələbə qazandıqları ev oyunundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyunun əsas məqamı bizim ilk qolumuz oldu, çünki o vaxta qədər “Yunion” çox yaxşı oynayırdı və bir neçə fürsət yaratmışdı. İkinci hissədə biz daha güclü idik və topa sahib idik. Ən önəmlisi 3 xaldır. Oyuna yaxşı başlamasaq da, sonradan çox yaxşı nəzarət edə bildik. İkinci hissəni ilk yarıdan daha yaxışı keçirdik. Yeni formatda neçə xal toplamağınız lazım olduğunu hesablaya bilmirsiniz. Ona görə də nə qədər çox qələbə qazansaq, o qədər yaxşıdır. Hər komanda sona qədər mübarizə aparır. Bu üzdən futbolda ciddiyyəti qorumaq önəmlidir. 2:0-dan sonra özümüzü çətin duruma saldıq. Yalnız 2:1 olandan sonra komanda qalib gəlmək üçün oynamağa başladı. Son 5 dəqiqədə problem yaşamadıq”.

Joze Mourinyo komandasının yüksəlişdə olduğunu bildirərək, onun ünvanına səsləndirilən tənqidlərə də cavab verib:

“Yaxşıya doğru inkişaf etdiyimizi düşünürəm. Hər gün bunun üçün çalışırıq. Bu müddətdə yalnız iki oyunda məğlub olmuşuq – “Lill” və “Qalatasaray”la oyunlarda. Getdiyim hər komanada kuboklar qazanmışam. Amma “Fənərbaxça”da bu effekti indi görə bilməzsiniz, çünki hələ sentyabr ayındayıq və bu vaxtlarda qaldırılacaq kubok yoxdur. Bunun üçün mövsümün sonunu gözləmək lazımdır”.

Növbəti, 2-ci turda “Fənərbaxça” “Tvente” ilə, “Yunion” isə “Bodo Qlimt”lə qarşılaşacaq. Hər iki oyun oktyabrın 3-də keçiriləcək.

Xatırladaq ki, Avropa Liqasının cari qalibi ötənilki yarışın finalında “Bayer”i 3:0 hesabı ilə məğlub etmiş “Atalanta”dır.