Kərim Benzema “Real”dan ayrılmasının səbəbini açıqladı

“Əl-İttihad”ın fransalı hücumçusu Kərim Benzema daha əvvəl çıxış etdiyi “Real”dan getməsinin səbəbini açıqlayıb.

Arena.az “Madrid Zone” dərgisinə istinadən, fransalı ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Mən “Real”dan niyə getdim? Çünku klubla hər şeyə müvəffəq olmuşdum. Mən “Real”a bir oğlan kimi gəlmişdim, ayrılanda isə çoxsaylı qənimətlərə və “Qızıl top”a sahib bir kişi kimi getdim. Mənim bütün arzularım çin olmuşdu”, deyə Benzema vurğulayıb.

Kərim Benzema “Əl-İttihad”a 2023-cü ilin iyununda “Real”dan azad agent qismində qoşulub. “Real”a qədər Benzema yalnız Lion “Olimpik”ində çıxış edib. Kərim “Əl-İttihad”la müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Cari mövsümdə Benzema “Əl-İttihad”ın heyətində bütün yarışlarda 25 oyuna 18 qol və 15 məhsuldar ötürmə ilə fərqlənib.

Benzemanın ərəb klubunun heyətində çıxışının ümumi mənzərəsi 54 oyun, 31 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

Benzemanın futbol uğurları və məşhurlaşması “Real”dakı çıxışı ilə bağlıdır. Kərim “qaymaqlılar”n heyətində 14 mövsüm keçirib. Benzema “Real”la ümumilikdə 648 oyuna çıxıb, 354 qol vurub, 165 məhsuldar ötürmə verib.

Müsəlman futbolçunun zəngin muzeyində 4 Fransa çempionluğu, 1 Fransa Kuboku, 2 Fransa Super Kuboku, 4 İspaniya çempionluğu, 3 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku, bir sözlə, bütün ali klub yarışlarının qənimətləri var.

Kərim Benzema 2022-ci il üçün UEFA-ya görə Avropada ilin oyunçusu adını qazanıb, həmçinin 2022-ci il üçün “Qızıl top” mükafatı ilə təltif edilib, 4 dəfə (2011, 2012, 2014, 2021) Fransada ilin futbolçusu adına layiq görülüb. Həmçinin Benzema 1 dəfə Fransa Liqa 1-də və 6 dəfə İspaniya La Liqasında ilin oyunçusu seçilib.

Benzema 2007-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 97 oyuna çıxıb, 37 qol vurub, 20 məhsuldar ötürmə verib. Kərim Fransanın U-17 yığmasının heyətində Avropa çempionatının qalibi olub, həmçinin “xoruzlar”ın əsas yığması ilə UEFA Millətlər Liqasını (2021) qazanıb.

“Transfermarkt” internet-portalı 37 yaşlı fransalı hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: