Əfsanəvi braziliyalı futbolçu Markos Kafu, keçmiş klubu “Roma” və “Qatar Airways” şirkətinə qarşı iddia qaldırmaq fikrindədir.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, o, özünün sima hüquqlarının pozulması iddiası ilə 11,5 milyon avroluq təzminat tələbindədir.
Kafu 2019-cu ildə rol aldığı, kluba aid filmdə özünün imic hüquqların pozulduğu fikrindədir. Braziliyalı sabiq futbolçu buna görə “Roma” klubunu və “Qatar Airways” şirkətini məhkəməyə verməyi planlaşdırır. Belə ki, veteran futbolçu “Roma”nın keçmiş sponsoru “Qatar Airways” şirkəti ilə əməkdaşlıq çərçivəsində dörd il əvvəl paytaxt klubu haqqında filmə çəkilməyə razılaşıb. Braziliyalı ulduz Varşavaya gedib, orada filmə çəkilib və film tez bir zamanda televiziyada nümayiş edilib. Kafu agenti Vinçentso Aliottanı “Roma” ilə maliyyə müqaviləsi bağlamağa çağırıb, amma danışıqlar ləng gedib və tez-tez təxirə salınıb.
Daha sonra, 2020-ci ildə, “Roma” Kafu ilə razılaşmadan əvvəl Fridkin ailəsinə satılıb. 53 yaşlı əfsanə səbrlə gözləməyə davam edib və “kluba olan sevgisinə görə” “canavarlar”a qarşı iddia qaldırmağa tərəddüd edib.
Bununla belə, görünür, Kafu indi qanuni tədbir görmək qərarına gəlib və “reklamın nümayiş etdirildiyi 46 aylıq dövrə və müntəzəm sponsorluq müqavilələrinə əsasən” təqribən 11,5 milyon avro təzminat tələb edir.
Xatırladaq ki, Braziliya millisinin sabiq müdafiəçisi 1997-2003-cü illər aralığında “Roma”da çıxış edib. “San Paulo”, “Real Saraqosa”, “Yuventude”, “Palmeyras” və “Milan”da da oynamış sabiq futbolçu “canavarlar”la 2000-ci ildə İtaliya çempionu olub.


