Karlo Ançelotti “Almeriya” üzərində çətin qələbəni şərh etdi

“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın La Liqanın 21-ci turunda “Almeriya” üzərində çox çətin qələbəsini (3:2) şərh edib.

Arena.az “Marca” nəşrinə istinadən, Ançelottinin bu barədə fikirlərini təqdim edir:

“Qəribə oyun idi. Birinci hissə çox pis keçdi. Mən dünənki məşqi yaxşı qiymətləndirmədim. Bu, yorğun komanda idi. İkinci hissə nəsə başqa idi və bu stadionun dəstəyi və hərəkəti bizimlə idi, bu, çox vacibdir. Azarkeşlərin fitləməsimi? Mən başa düşürəm. Birinci hissədə belə oynamaq olmaz. Bu münasibət məntiqlidir”, deyə italyan mütəxəssis bildirib.

Karlo Ançelotti “Real”ın 0:2 hesabı ilə məğlub ikən 3:2 hesablı əzmkar qələbə qazandığı oyunda baş hakimin qərarlarına münasibətini də açıqlayıb:

“Bu gün hakimin bütün qərarları düzgün idi. “Almeriya”nın münasibətini başa düşürəm, amma hər şey düzgün idi”.

Xatırladaq ki, oyun zamanı “Almeriya”nın xeyrinə olmayan üç mübahisəli məqam yaşanıb. Oyunun baş hakimi Fransisko Xose Ernandes Maeso VAR-a müraciət etməli olub. Əvvəlcə, hakim oyunun 57-cı dəqiqəsində “Almeriya”nın qapısına penalti təyin edib və Cud Bellingem hesab arasındakı fərqi azaldıb – 1:2. Ardınca Maeso oyunun 61-ci dəqiqəsində “Almeriya”nın “Real”a vurduğu qolu qayda pozuntusu adı altında ləğv etmək qərarına gəlib. Daha sonra baş hakim VAR-ın qərarı əsasında Vinisius Juniorun qolunu hesaba alıb – 2:2. Bu məqam rəqib düşərgədə narazılıq və hiddət doğurub. 77-ci dəqiqədə isə Maeso Bellingemin vurduğu qolu oyundankənar vəziyyət kimi qiymətləndirərək, ləğv edib. Oyuna əlavə edilmiş təzminat vaxtında isə (90+9) “Real” 3-cü qolu qonaqların qapısına göndərərək, son nəticəni müəyyənləşdirib – 3:2.

Hazırda “Real” İspaniya La Liqasında keçirdiyi 20 oyundan 51 xalla turnir cədvəlinin 2-ci pilləsində potensial lider statusundadır. La Liqaya 21 oyundan 52 xalla müvəqqəti olaraq “Jirona” başçılıq edir.

“Real” növəbti, 22-ci tur çərşivəsində yanvarın 27-də səfərdə “Las-Palmas”la qarşılaşacaq.

Vurğulayaq ki, hakimin oyunda qəbul etdiyi qərarlar daha çox “Real”ın xeyrinə nəticələndiyi üçün İspaniya futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: