“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/4 finalında “Mançester Siti” ilə ilk oyundan gözləntilərini açıqlayıb.
Arena.az Madrid klubunun rəsmi saytına isitinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Sabahkı oyunda bacardığımız hər şeyi göstərmək vacibdir. Oyunçuların meydanda göstərməli olduqları cəsarət və fərdilik kimi psixoloji baxışlar da çox önəmlidir. Hazırlaşmaq üçün vaxtımız vardı və çox yaxşı çıxış etdik. Əminəm ki, sabah biz hər cəhətdən – mənəvi, fiziki və texniki cəhətdən əlimizdən gələni edəcəyik.
Bu, çox maraqlı qarşılaşma olacaq. Bir-birinə bənzəməyən iki komanda üz-üzə gəlir. Onların hər birinin özünəməxsus xüsusiyyətləri var, amma bunlar meydanda çoxlu sayda fərdi oyunçuların olduğu komandalardır. Texniki baxımdan çox yaxşı oyun olacaq. Biz gözləyirik ki, müəyyən mənada biz onları üstələyəcəyik, bəzilərində isə onlar bizi üstələyəcəklər. Kim qalib gəlsə, ən yaxşı komanda olacaq”, deyə Karlo Ançelotti açıqlayıb.
Xatırladaq ki, “Mançester Siti” ilə “Real” arasında ilk oyun bu gün – aprelin 9-da Madriddə keçiriləcək. Cavab oyunu isə aprelin 17-də Mançesterdə baş tutacaq.


