“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda “Ştutqart”la oyundan gözləntilərini paylaşıb.
Arena.az UEFA-nın rəsmi saytına istinadən, italyan müyəxəssisin bu barədə fikrini təqdim edir:
“Ştutqart”ın baş məşqçisi Sebastyan Höness keçən il fantastik iş görüb. Bu, çox yaxşı komandadır, yaxşı təşkil edilib. Çox maraqlı bir oyun görəcəyik. Kroos, Naço və Xoselu kimi vacib oyunçularımızı itirmişik. Xoselunu dünyanın ən yaxşısı və ya ən yaxşı oyunçularından biri ilə əvəz etdik. Düşünürəm ki, keçənilkindən daha yaxşı heyətimiz var”, deyə Ançelotti komandaların səviyyə fərqini qabardıb.
Yeri gəlmişkən, Karlo Ançelotti zədəli futbolçuların sayının artması səbəbindən futbol məmurlarına müraciət ünvanlayıb. O, “Ştutqart”la oyuna həsr edilmiş oyunöncəsi mətbuat konfransında, futbol rəsmilərini mövsüm başına düşən oyunların sayını azaltmaq barədə düşünməyə çağırıb:
“Oyun cədvəli ifrat sıxdır. Əlimizdə Çempionlar Liqasının yeni tərtibatı var, hər şeyin necə olacağını isə heç kim bilmir. Amma görünən odur ki, daha iki oyun artıb.
Rəhbər qurumlar, çox oynadıqları üçün zədə alan oyunçular haqqında düşünməsələr, böyük fəsadlar yaşayacağıq. Onlardan, yarışı daha cəlbedici etmək məqsədilə əl saxlamalarını, bir dayanmalarını və oyunların sayını azaltmaq barədə düşünmələrini xahiş edirəm”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, 2024/2025 mövsümündən etibarən Avropanın ən mötəbər klub yarışında iştirakçıların sayı 32-dən 36-ya yüksəldilib. Klassik qrup mərhələsi ümumi cədvəllə əvəz edilib. Hər komanda müxtəlif rəqiblərə qarşı 8 oyun keçirəcək. Çempionlar Liqasının yeni tərtibatında üç püşkatma nəzərdə tutulub. Bunlardan birincisi, yarışın birinci mərhələsinə qədər, ikincisi, 9-24-cü yerləri tutmuş klublar arasında ələmə oyunları ərəfəsində, üçüncü püşkatma isə Çempionlar Liqasının 1/8 final mərhələsi ərəfəsində baş tutacaq. İştirakçıların sonrakı cütləri isə yarış səbəti vasitəsilə müəyyənləşdiriləcək.
“Real” Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turu çərçivəsində “Ştutqart”ı bu gün, sentyabrın 17-də Madriddə qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


