Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti futbolçuların oynamaq məcburiyyətində qaldığı sıx təqvimi tənqid edib.
Arena.az “Mundo Deportivo” dərgisinə istinadən italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Düşünürəm ki, belə məşğul təqvimin nəbzini saxlamaq mümkün deyil. Bunu tərtib edənlər buna diqqət yetirməlidirlər. Hazırda bununla bağlı fəsadlar var. İndi Dünya Kuboku və Çempionlar Liqası çoxlu sayda oyunlardan ibarətdir. Amma bu rəqəm azaldılmalıdır. Fəqət La Liqa, UEFA və FIFA bunun əksini edirlər. Onlar bunu dəyişməyincə, bizim çoxlu fəsadlarımız olacaq”, deyə Karlo Ançelotti vurğulayıb.
Vurğulayaq ki, məşqçilərin bu xüsusda narahatlığı və tənqidi mövqeyi heç də əsassız deyil. Belə ki, oyun cədvəlinin sıxlığı nəticəsində futbolçular çox yorulur və hətta ağır zədələr alırlar. Son illərdə bu, mütəmadi hal alıb.
Xatırladaq ki, daha əvvəl də “Böyük beşlik” futbol ölkələrindən təqvim sıxlığı ilə bağlı narazılıqlar ucalmışdı. Bu məsələdə xüsusilə narazı, uzun illər təqvim sıxlığından və bunun yaratdığı fəsadlardan şikayətçi olan “Latsio”nun çalışdırıcısı, italyan mütəxəssis Mauriso Sarri ötən həftə bu barədə bir daha danışmışdı. Həmçinin “Bayern”in baş məşqçisi, alman mütəxəssis Tomas Tuxel, “Liverpul”un alman çalışdırıcısı Yurgen Klopp, “Atletiko Madrid”in argentinalı çalışdırıcısı Dieqo Simeone sıx təqvim cədvəli ilə bağlı narazılıqlarını açıq ifadə etmişdilər.


