“Real” baş məşqçisi Karlo Ançelotti özünün futboldakı yeni ənənələrə uyğunlaşmasından, eləcə də çalışdırdığı klubun böyüklüyündən danışıb.
Arena.az məlumat verir ki, italyan mütəxəssis bu barədə, keçirdiyi mətbuat konfransında danışıb:
“Futbol dəyişib, dəyişir və dəyişəcək – intensivlik, qaydalar, məşq və metodologiya. Bu, 90-cı illərdəki idman növü ilə müqayisədə fərqli bir idman növüdür. Futbolçular əvvəlkindən daha peşəkardırlar. Futbolda 30 ildən sonra yeni gerçəkliyə yaxşı uyğunlaşıram.
Bu klubda çalışanlar sanki böyük bir ailədə yaşadıqları kimidirlər. Bu, azarkeşlərin böyük sevgisində özünü göstərir.
Ailə mühitində işləmək sizə nəticələr əldə etməyə və ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmağa kömək edir. Bu, ən böyük tarixə malik, dünyanın ən böyük klubdur. Amma vurğulayıram ki, klubda ailə ab-havası hökm sürür”, deyə Ançelotti bildirib.
Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssisin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.


