Karlo Ançelotti: “Gələcək üçün planım var, amma…”

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyi heç vaxt düşünmədiyini bildirib.

Arena.az italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən, Ançelottinin bu barədə fikirlərini təqdim edir:

“Mənə Səudiyyə Ərəbistanından zəng gəlməyib. Mənim başqa planım var və o, bu ölkəyə aid deyil. Mən heç vaxt maliyyə amillərinə əsaslanaraq heç bir qərar verməmişəm. Pulun əhəmiyyəti yoxdur, məndə kifayət qədər var. Mən sadəcə özümü yaxşı hiss etmək istəyirəm”, deyə Ançelotti bildirib.

Xatırladaq ki, Ançelottinin cari mövsümün sonunda “Real”la müqaviləsi başa çatdıqdan sonra məşqçilik fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur. Bundan əvvəl mətbuatda onun “Real”la cari müqaviləsini yeniləyə biləcəyi və ya Braziliya millisini çalışdıra biləcəyi barədə məlumatlar yayılmışdı. İtalyan mütəxəssisi “selesao”nun sükanı arxasına gətirməyə canfəşanlıq göstərən Braziliya Futbol Konfederasiyasının prezidenti Ednaldo Rodriges ötən gün istefaya göndərildiyindən, Ançelottinin Braziliya millisini çalışdıracağı haqda şayiələr də puç olub. Göründüyü kimi, Ançelotti Səudiyyə Ərəbistanına yollanmaq fikrində də deyil.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssisin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib. İtalyan mütəxəssin təsis edib çalışdırdığı kollektivlər həmişə kamil oyunu və iddiaları ilə seçiliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: