“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 3-cü turunda “Las Palmas”la səfər oyunundan gözləntilərini paylaşıb.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Hazırda İspaniya çempionatında bütün oyunlar çətin keçir. Hər mənada. Oyunların gec başlamasına rəğmən, çox istidir. Qarşılaşma gərgin keçəcək… Və açıq. Çünki “Las Palmas” futbol oynamağı və topa sahib olmağı sevir”, deyə Ançelotti vurğulayıb.
“Las-Palmas” “Real” oyunu bu gün, avqustun 29-da keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.
2 turdan sonra “Real” La Liqanın yarış cədvəlində 4 xalla 6-cı, “Las-Palmas” isə 1 xalla 17-ci pillədədir. La Liqaya 3 oyundan 9 xalla “Barselona” başçılıq edir.
Yeri gəlmişkən, Karlo Ançelotti UEFA Çempionlar Liqasının yeni tərtibatı ilə bağlı hələlik hər hansı bir fikri olmadığını bildirib. İtalyan mütəxəssisin bu barədə fikrini təqdim edirik:
– Çempionlar Liqasının yeni tərtibatını bəyənirsinizmi?
– Hələlik bu barədə öz fikrim yoxdur, çünki hələ bu tərtibatda oynamamışıq. Səbrli olun, təxmin bir il ərzində bu haqda qiymətim mütləq ərsəyə gələcək. Bəzən yeni bir şey olduqca yaxşı ola bilər.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2024/2025-ci illər mövsümündən etibarən əvvəlki kimi 32 yox, 36 komanda çıxış edəcək. Əvvəllər klublar hər biri dörd komandadan ibarət qruplara bölünürdülər, indi Çempionlar Liqasında 36 komandanın hamısı İsveçrə sistemi üzrə bir arada yer alacaq.
UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün finalı 2025-ci ilin may ayının 31-də Münhenin “Alyans Arena” stadionunda keçiriləcək.


