Karlo Ançelotti məhkəməyə çağırıldı

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti aprel ayının 2-də Madrid məhkəməsi qarşısında ifadə verməli olacaq.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, məhkəməyə çağırılmış mütəxəssis vergidən yayınmaqda təqsirli bilinir.

Mənbənin məlumatına görə, Ançelotti müəyyən ittihamla üz-üzədir. İtalyan mütəxəssis 2014-2015-ci illər aralığında 1062079 avro məbləğində vergi ödənişini etməməkdə təqsirli bilinir. Prokuror Karlo Ançelottiyə 4 il 9 ay müddətinə həbs cəzası tələb edir.

Vurğulanır ki, daha əvvəl “qaymaqlılar”ın çalışdırıcısı 2014-cü ildə vergiləri tələb edilən surətdə ödəməyib. Ançelotti buna köməkçiləri tərəfindən pis məlumatlandırıldığını əsas gətirib.

Həmçinin Karlo Ançelotti 2015-ci illə bağlı müvafiq ittihamı rədd edir. İtaliyalı mütəxəssis vurğulayıb ki, həmin vaxt “Real”ı çalışdırmayıb və İspaniya ərazisində olmayıb. O, məhz buna görə də İspaniya Vergilər İdarəsinin meyarlarına cavab verə bilmədiyini əsas gətirib.

Ehtimal edilir ki, məhkəmədə sözügedən məqamlar çözüləcək və müvafiq məsələ uzun-uzadı çəkişməyə keçməyəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: