“Real”ın baş məşqçisi Karlo Ançelotti Madrid klubundan ayrıldıqdan sonra peşəkar məşqçilik karyerasını bitirəcəyini açıqlayıb.
Arena.az “Madrid Universal” dərgisinə istinadən, italyan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bu mənim son işimdir, bunu təsdiq edirəm. Sonun nə vaxt gələcəyini bilmirəm. 2026-cı ildən sonra, uğur qazanandan sonra qala bilərəm. 2026-cı il məşqçilik karyeramın son ili ola bilər. Və ya bəlkə də yox. Mən məşqçi olmağı sevirəm və ümid edirəm ki, 2027-ci və 2028-ci illərdə olacağam. Madridi bəyənirəm, mən burada qalmaq istəyirəm”, deyə Ançelotti bildirib.
Xatırladaq ki, cari mövsümdə Ançelotti “Real”ı uğurla çalışdırmaqda davam edir. İtalyan mütəxəssisin rəhbərliyi altında “Kral Klubu” qış fasiləsinə arxayın yollanıb. La Liqanın 18 turundan sonra “Real” 45 xalla turnir cədvəlinin lideridir. “Qaymaqlılar” Çempionlar Liqasının ələmə mərhələsinə qrup qalibi kimi çıxıblar və burada “Leypsiq”lə qarşılaşacaqlar.
Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssis “Kral Klubu”na qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. İtalyan mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.
64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib.


