Karlo Ançelotti “Real”ın ukraynalı qapıçısından üzr istədi

“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti “qaymaqlılar”ın ukraynalı əsas qapıçısı Andrey Lunindən üzr istəyib.

Arena.az bu barədə “Defensa Central” dərgisinə istinadən məlumat verir.

Belə ki, Ançelotti hər il İspaniya La Liqasında ən az qol buraxmış qapıçıya təqdim edilən “Rikardo Samora Qəniməti”ni qazana bilməyəcəyinə görə qapıçı Andrey Lunindən üzr istəyib.

Hazırda La Liqada ən az qol buraxmış qapıçı məhz Lunindir. Amma müvafiq qəniməti qazanmaq üçün ən azı 28 oyun keçirmək şərti var. Bu mövsüm Lunin 18 oyun keçirib. O, hətta La Liqanın qarşıdakı hər turunda çıxış etsə belə, ukraynalı qapıçının hesabında cəmi 26 oyun olacaq.

Bu mövsüm Karlo Ançelotti “Real”ın əsas qapıçısı məsələsində ukraynalı qapıçı Andrey Lunin və “Çelsi”dən cari mövsümün sonuna qədər icarəyə götürülmüş ispan qapıçı Kepa Arrisabalaqa arasında rotasiya edib. Bu rəqabətdə Lunin əsas qapıçı olacağı niyyəti ilə icarəyə alınmış Kepanı üstələyə bilsə də, göündüyü kimi, bu mübarizə statistika baxımından “Rikardo Samora Qəniməti”ni qazanmaq üçün ukraynalı qapıçıya yetərli olmayacaq.

Lunin mövsümün sonunadək əsas qapıçı olaraq qalacaq

Xatırladaq ki, “Real”ın əsas qapıçısı belçikalı Tibo Kurtua cari mövsümün əvvəlində sol dizinin ön çarpaz bağının yırtığı zədəsini almış, mövsümün böyük hissəsini müalicəsi ilə məşğul olmuşdu. Martın 19-da isə belçikalı qapıçı məşq zamanı yenidən zədə ilə üzləşmiş və sağ dizinin daxili menisk yırtığı səbəbilə cərrahi müdaxilə keçirməyə məcbur olmuşdu. Hazırda ilk ehtimallara əsasən, Kurtua daha iki ay futbolsuz qalmalı olacaq. Bu üzdən də özünü sübut etmiş Lunin bu müddətdə “Real”ın əsas qapıçı olaraq çıxışlarına davam edəcək.

Kepa Arrisabalaqanın isə cari mövsümün sonunda icarə müqaviləsinin müddətinin bitməsi ilə “Çelsi”nin düşərgəsinə qayıdacağı gözlənilir.

Andrey Lunin “Metallist”in (Xarkov) yetirməsidir. Lunin karyerası ərzində “Dnepr”, “Zorya” (Luqansk), “Real”, Leqanes”, “Valyadolid” və “Ovyedo”da çıxış edib. “Real” ukraynalı qapıçını 2018-ci ilin iyulunda “Zorya”dan 8,5 milyon avro müqabilində heyətinə qatıb və bir müddət ispan klublarında icarələrdə oynadıb. Luninin “Real”la müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Lunin “Real”ın heyətində bütün yarışlarda 24 oyun keçirib, 19 qol buraxıb, 11 oyundan “quru” çıxıb.

Andrey Luninin qənimətlər muzeyində olan bütün kuboklar ukraynalı qapıçının məhz “Real”la qazandıqlarıdır. Bunlara İspaniya La Liqası, İspaniya Kral Kuboku, İspaniya Super Kuboku (2 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku daxildir.

Lunin 2018-ci ilin mart ayında debüt etdiyi Ukrayna yığmasının heyətində 11 oyun keçirib. O, bu oyunlarda 8 qol buraxıb, 5 oyunda qapısının toxunulmazlığını təmin edə bilib. Andrey Ukraynanın U-20 yığması ilə 2019-cu il dünya çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı qapıçının transfer dəyərini 16 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: