“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti “Kral Klubu”nun rəsmi saytına verdiyi müsahibəsində bir çox məqamlara toxunub.
Arena.az məşhur mütəxəssisin müsahibəsini təqdim edir.
Ançelotti söhbətə “Real”la əməkdaşlığını nə üçün yeniləməyə qərar verməsinin səbəblərini açıqlamaqla başlayıb:
“Real” mənim üçün ilk növbədə ailədir. Bu klubun yaratdığı ab-hava prezidentdən başlayaraq çox ailəvidir. Hər birimiz ailə mühitində işlədiyimiz üçün ən yaxşısını ortaya qoyuruq.
Müqavilə müddətimi uzatdım, çünki komanda bu 2023-cü ildə olduğu kimi, son illərdə də uğur qazanıb. Klub görür ki, bizim yaxşı münasibətimiz var və bu, çox vacibdir, çünki məşqçi ilə futbolçular arasında yaxşı münasibət olmasa, klub uğur qazana bilməz. Əlbəttə ki, müqaviləmi yenilədiyimə görə kluba, eləcə də qeyri-adi münasibət nümayiş etdirən futbolçularıma minnətdaram”, deyə təcrübəli mütəxəssis bildirib.
Xatırladaq ki, Karlo Ançelotti “Real”la müqaviləsinin müddətini 2026-cı il iyunun 30-na qədər uzadıb.
Ançelotti komandanın prezidenti Florentino Pereslə münasibəti haqda da danışıb:
“Mən onu ailə başçısı və futbolda heç kimin nail ola bilmədiklərini əldə etmiş bir insan hesab edirəm. Hələ də çox köklənmişdir, çünki o, klubun ən böyük azarkeşidir, uşaqlıqdan belədir və bu, ona bu komandaya xüsusi sevgi bəsləməyə imkan verir.
O, klubu zirvədə saxlayır. 1950-ci illərdə Santyaqo Bernabeunun etdiyi kimi, onun son 20 ildə gördüyü işlər “Real” üçün çox vacibdir”, deyə italyan mütəxəssis vurğulayıb.
Xatırladaq ki, Florentino Peres 2009-cu il iyunun 1-dən “Real”ın prezidentidir. Peres əvvəllər 2000-2006-cı illərdə müvafiq vəzifəni tutub.
Daha sonra müsahibəsində Ançelotti Çempionlar Liqasını beşinci dəfə qazanmaq planlarından söhbət açıb:
“Real”ın böyük gələcəyi var. Keçmiş artıq yazılıb, biz isə bu günü yazırıq. Əvvəla, çox gənc komanda və çox istedadlı futbolçularla onun parlaq gələcəyi var. Yeni nəsil oyunçuların gəlişi ilə “Real” daha çox uğur qazanmağa davam edəcək.
“Yeni “Bernabeu” rəsmən açılanda komandanı çalışdırmaq istərdim”
Çempionlar Liqasında qələbələrmi? Edilənlər edilib. Mən irəli baxıram. Mənə deyəndə ki, dörd Çempionlar Liqasını qazanmışam, mən yalnız gələn il beşinci dəfə qalib olmağı düşünürəm. 2013-cü ildən, “Real”a rəhbərlik etdiyim vaxtdan indiyə qədər nə bir şəxsiyyət kimi dəyişildiyimi, nə də məşqçilik tərzimdə dəyişiklik etdiyimi düşünmürəm. Ola bilər ki, təcrübəm daha çox olduğu üçün bir az daha çox məlumata sahibəm.
Köməkçilərim gənc və həvəslidirlər. Onlar təlim və yeni texnologiyalarda yeni bir şey tapmağa çalışırlar. Bu, gündəlik işdə çox kömək edir.
Yeni “Bernabeu” rəsmən açılanda komandanı çalışdırmaq istərdim. Bu müqavilənin uzadılması o demək ola bilər ki, bu komanda yeni “Bernabeu”da ilk oyununu keçirən gün mən ehtiyat oyunçular skamyasında olacağam. Bu, mənim üçün yaxşıdır.
Bütün “madridistlər”ə xoşbəxt 2024-cü il arzulayıram. Biz hamımız birlikdə mümkün qədər çox şeyə nail olmağa çalışacağıq”, deyə məşhur italyan mütəxəssis fikrini tamamlayıb.
Xatırladaq ki, Karlo Ançelotti məşqçi kimi 2003-cü və 2007-ci illərdə “Milan”la, 2014-cü və 2022-ci illərdə isə “Real”la Çempionlar Liqasının qalibi olub.
Yeri gəlmişkən, əlavə edək ki, bu gün “Marca” nəşri Ançelottinin “Real”da çalışdığı dövrdə ən yaddaqalan məqamları haqda xatirələrini təqdim edib:
“Belə məqamlar çoxdur. Valensiyada baş tutmuş 2014-cü il Kral Kubokunun finalında Beylin qaçışından başlayaq (“Real” – “Barselona” – 2:1), sonra Ramosun 2014-cü il Çempionlar Liqasının finalında vurduğu qolu deyəcəyəm (“Real” – “Atletiko Madrid” – 4:1). Mən heç bir məqamı unutmuram. Ötənilki La Liqa, Super Kubok və İspaniya Kubokunda qələbə. Bütün qənimətlər vacibdir, onları yadda saxlamaq lazımdır”, deyə Ançelotti vurğulayıb.
Ançelotti 2021-ci ildən “Real”ı çalışdırır. İtalyan mütəxəssis kluba qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Onun rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.
64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib.


