Karlo Ançelotti “Real”la ÇL-də qələbə rekordunu müəyyənləşdirdi

“Real”ın italyan baş məşqçisi Karlo Ançelotti “Union Berlin”i məğlub edərək (3:2) ÇL-də qələbə sayına görə Madrid klubunun rekordçusu olub.

Arena.az məlumat verir ki, Ançelotti “kral klubu”nun baş məşqçisi kimi avrokuboklarda 42-ci qələbəsini qazanıb.

İtalyan mütəxəssis bu göstəricidə “Real”ın keçmiş baş məşqçisi Migel Munyosu geridə qoyub. Maraqlıdır ki, Ançelottiyə bunun üçün cəmi 56 oyun kifayət edib. Munyos isə 71 oyunda müvaviq nətcəyə imza atıb.

Xatırladaq ki, “Real” UEFA Çempionlar Liqasının “C” qrupunda keçirdiyi 6 oyunun hamısında qalib gəlib. Əvvəllər “kral klubu” 2014/2015 mövsümündə belə nəticə əldə edə bilmişdi. O zaman “Real” “Bazel”, “Ludoqorets” və “Liverpul”la bir qrupda çıxış edib.

Beləliklə, cari mövsümün Çempionlar Liqasının qrup mərhələsini “Real” 18 xalla” C” qrupunda 1-ci, “Napoli” isə 10 xalla 2-ci yerdə tamamlayıb. Hər iki komanda yarışın ələmə mərhələsinə yollanıb.

Karlo Ançelotti “Real”ı 2021-ci ildən çalışdırır. İtalyan mütəxəssisin “Kral klubu” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ançelotti “Real”a qayıdışından sonra da “qaymaqlılar”a uğurlar qazandıra bilib. Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real” İspaniya La Liqasını (2021/2022), İspaniya Kral Kubokunu (2013/2014, 2022/2023), İspaniya Super Kubokunu (2021/2022), Çempionlar Liqasını (2013/2014, 2021/2022), UEFA Super Kubokunu (2014, 2022) və FIFA Klub Dünya Kubokunu (2014, 2022) qazanıb.

64 yaşlı Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” keçib. İtalyan mütəxəssin təsis edib çalışdırdığı kollektivlər həmişə kamil oyunu və iddiaları ilə seçiliblər.

Xəbəri sosial şəbəkələrdə paylaş: